"Yoxluğ"u ilə İranı idarə edən MÜCTƏBA MÜƏMMASI

Dünya

22.04.2026 15:38

İranın yeni ali lideri Müctəba Xamenei altı həftə əvvəl elan olunmasından bəri ictimaiyyət qarşısına çıxmayıb və onunla bağlı hər hansı rəsmi çıxış da yayımlanmayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Nəşr yazıb ki, müşahidəçilərin fikrincə, bu yoxluq hazırda rejim üçün faydalı siyasi alətə çevrilib.

Məlumata görə, o, atasının — Əli Xamenei — ölümünə səbəb olan hücum zamanı xəsarət alıb: ayağı sınıb, göz nahiyəsində zədə yaranıb və müxtəlif kəsiklər qeydə alınıb.

Bildirilir ki, Müctəba Xamenei rəsmi görüşlərdə əsasən səsli bağlantı vasitəsilə iştirak edir, strateji qərarları təsdiqləyir, lakin gündəlik idarəetməyə birbaşa müdaxilə etmir.

Eyni zamanda, iddialara görə, rejim onun ictimai fəallığını nümayiş etdirmək üçün süni intellekt texnologiyaları ilə hazırlanmış videomateriallardan istifadə edir.

Analitiklər hesab edirlər ki, rəsmi şəxslər onun adını sərt xətt tərəfdarlarının tənqidlərindən qorunmaq üçün siyasi “örtük” kimi təqdim edirlər.

Bundan əlavə, ABŞ rəsmisi J.D. Vens uğursuz İslamabad danışıqlarından sonra İran nümayəndə heyətinin qərarların təsdiqi üçün “başqa bir mərkəzə” qayıtmalı olduğunu bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə Hörmüz boğazı ilə bağlı qərarları ali rəhbərlik təsdiqi olmadan açıqladığı üçün sərt xətt tərəfdarlarının tənqidinə məruz qalıb.

Ümumilikdə, müşahidəçilər qeyd edirlər ki, faktiki qərarların kim tərəfindən verildiyi aydın deyil və mövcud vəziyyət rejimin maraqlarına uyğun şəkildə qorunur.

Jalə Rövşən 

TodayPress TV

tag: İran,Müctəba Xamenei,İslamabad,Abbas Əraqçi,Todaypress.tv,