Yaponiya sakinlərə 16,3 milyon dollar təzminat verəcək

Dünya

29.01.2026 17:38

Yaponiya məhkəməsi ABŞ Hərbi Hava Qüvvələrinin Okinavadakı Kadena bazasından qalxan təyyarələrin yaratdığı səs-küyə görə hökumətin yerli sakinlərə təxminən 16,3 milyon dollar təzminat ödəməsinə qərar verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Stars and Stripes" məlumat yayıb.

Məhkəmə hesab edib ki, təyyarə səs-küyü sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, onlarda əsəbilik, yuxu pozğunluğu, narahatlıq və mümkün təyyarə qəzaları ilə bağlı psixoloji stress yaradır.

Qərara əsasən, sakinlər 2019-cu ilin əvvəlindən 2025-ci ilin ortalarınadək dəymiş zərərə görə kompensasiya alacaqlar. Ödəniləcək məbləğ hər bir sakinin hava bazasına yaxınlığına və səs-küyə məruz qalma səviyyəsinə görə dəyişəcək.

Məhkəmə ABŞ Hərbi Hava Qüvvələrinin bazadakı fəaliyyətinin məhdudlaşdırılması tələbini isə rədd edib. Bildirilib ki, Yaponiya hökumətinin buna hüquqi səlahiyyəti yoxdur.

İddiaçılarının sayı 5 mindən çoxdur, lakin kompensasiya alacaq şəxslərin dəqiq sayı hələ məlum deyil.

Qeyd edək ki, Kadena ABŞ-nin ölkə xaricində yerləşən ən böyük hava bazasıdır. Okinava sakinləri 1980-ci illərdən bəri bazadan qalxan təyyarələrin səs-küyündən şikayət edir və dəfələrlə məhkəməyə müraciət ediblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Yaponiya,Təzminat,