Xamenei etirazçılara: "Trampı məmnun etmək üçün xaos yaratmayın!"

Dünya

09.01.2026 15:07

İranın Ali Lideri Ayətullah Əli Xamenei ölkədə davam edən etirazlarla bağlı açıqlama verib.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, o, etirazçıların ABŞ Prezidenti Donald Trampı məmnun etmək məqsədilə küçələrdə xaos yaratdıqlarını iddia edib və vətəndaşları Vaşinqtona ümid bağlamamağa çağırıb.

Xamenei dövlət televiziyasında yayımlanan çıxışında bildirib ki, bəzi şəxslər Trampın dəstəyini qazanmaq üçün binaları və ictimai obyektləri dağıdır. O, ABŞ Prezidentinin verdiyi açıqlamaları “cəfəngiyat” adlandıraraq, Trampın İran xalqının tərəfində ola bilməyəcəyini vurğulayıb.

İranın Ali Lideri əlavə edib ki, Donald Trampın əlləri “minlərlə iranlının qanı ilə ləkələnib” və ABŞ Prezidentinin siyasi baxımdan məğlub olacağını iddia edib. Xamenei Trampı İranla bağlı mövqeyindən əl çəkməyə çağırıb.

Qeyd edək ki, İranda kütləvi etirazlar dekabrın sonlarından milli valyuta rialın kəskin dəyər itirməsi, inflyasiya və qiymət artımları fonunda başlayıb. Yanvarın 8-də axşam saatlarında Tehranda etirazlar yenidən intensivləşib. "NetBlocks" monitorinq xidmətinin məlumatına görə, ölkədə internet demək olar ki, tamamilə kəsilib.

ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, etirazçılar öldürülərsə, Vaşinqton İrana qarşı “çox sərt” zərbələr endirəcək. O, bir neçə etirazçının təhlükəsizlik qüvvələrinin vəziyyətə nəzarət edə bilməməsi nəticəsində həyatını itirdiyini iddia edib.

Jalə Rövşən 

TodayPress TV

tag: Donald Tramp ,Ayətullah Əli Xamenei ,İran,Etirazlar,Todaypress.tv,