“Uğur gətirsin” deyə etdilər, qayaları məhv etdilər: 20 kiloqram sikkə toplandı
Şimali İrlandiyada UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən məşhur Nəhənglər yolu turistlərin illərdir davam etdirdiyi qeyri-adi adət səbəbindən zərər görüb.
TodayPress TV xəbər verir ki, “The Times of India”nın məlumatına görə, mütəxəssislər bazalt sütunlarının çatlarına “uğur gətirsin” deyə yerləşdirilən 10 minə yaxın sikkə, ümumilikdə isə 20 kiloqramdan çox metal çıxarıblar.
Məlumata görə, qayaların çatlarına pul qoymaq ənənəsi uzun müddətdir mövcud olsa da, son 10 ildə kütləvi hal alıb. Bəzi turistlər sikkələri daha dərinə yerləşdirmək üçün hətta çəkic əvəzinə daşlardan istifadə ediblər.
Abidənin mühafizəsi ilə məşğul olan National Trust təşkilatı problemin miqyasının gözləniləndən böyük olduğunu müəyyən etdikdən sonra təmizləmə işlərinə başlayıb. Şimali İrlandiyanın Geoloji Xidməti isə sikkələrin qayalardan çıxarılmasını tövsiyə edib. Çünki metal həm fiziki, həm də kimyəvi yolla bazaltın dağılmasına səbəb olur.
Mütəxəssislərin sözlərinə görə, zaman keçdikcə sikkələr oksidləşərək paslanıb və bazaltın üzərində qalıcı ləkələr yaradıb. Daha təhlükəlisi isə bəzi sikkələrin qayaların dərinliyinə qədər yerləşməsi olub.
Təbiətlə əlaqələr üzrə nümayəndə Kliff Henri bildirib ki, metal oksidləşdikdə həcmi artır və qayaların çatlarına təzyiq göstərərək onların parçalanmasını sürətləndirir.
Bir sikkəni çıxarmaq 20 dəqiqə çəkib
Təmizləmə işləri ötən ilin mayında başlayıb. Layihəyə daş ustası Neytan Morrou da qoşulub. Onun sözlərinə görə, bütün sikkələri çıxarmaq üçün vahid üsul olmayıb və hər bir nümunəyə ayrıca yanaşmaq lazım gəlib.
Çatların kənarında yerləşən sikkələr kəlbətinlə asanlıqla çıxarılıb. Dərinliyə ilişənlər üçün isə xüsusi alətlərdən istifadə edilib. Ən çətin sikkələrin çıxarılmasına 20 dəqiqədən çox vaxt sərf olunub.
40 min bazalt sütunundan ibarətdir
Nəhənglər yolu insan əli ilə yaradılmayıb. Milyonlarla il əvvəl baş verən vulkanik fəaliyyət nəticəsində əmələ gəlib. Qızmar lava Yer qabığındakı çatlar vasitəsilə səthə çıxıb və soyuduqca təxminən 40 min həndəsi formalı bazalt sütununa parçalanıb.
Maraqlı təbiət mənzərəsi əsrlərdir yerli əfsanələrə də mövzu olub. Əfsanələrdən birinə görə, nəhəng Finn Mak Kul Şotlandiyaya keçmək və başqa bir nəhənglə döyüşmək üçün bu daş yolu yaradıb.
“National Trust” turistlərə müraciət edərək qayaların çatlarına sikkə yerləşdirməməyə çağırıb. Bunun əvəzinə bəxt gətirməsi üçün pul vermək istəyənlərə xüsusi xeyriyyə qutularından istifadə etmək tövsiyə olunur.
Kübra Musayeva