Türkiyədə İLK: Ay missiyası üçün geri sayım başladı
Türkiyə 2027-ci ilin əvvəlində Ayı tədqiq etmək üçün özünün ilk aparatını kosmosa buraxmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə respublikanın sənaye və texnologiya naziri Mehmet Kacır bildirib.
"Biz yerli hibrid raket mühərrik sistemi ilə təchiz edilmiş Ay aparatımızı 2027-ci ilin ilk aylarında kosmosa göndərməyi planlaşdırırıq. Elmi tədqiqatlar mərhələsi başa çatdıqdan sonra aparatı Ayın səthinə endirmək və orada sistemlərimizi yerləşdirmək istəyirik. Biz təxminən 3,5 ton çəkisi olan və 80%-i yerli komponentlərdən ibarət kosmik aparat hazırlamışıq", - deyə nazir bəyan edib.
Onun sözlərinə görə, hazırkı mərhələdə Ay aparatının istehsalı, yığılması və inteqrasiyası başa çatıb və o, sınaqların keçirilməsi üçün TUSAŞ şirkətinə göndərilib. Sınaqlar yekunlaşdıqdan sonra aparat buraxılışa hazırlıq üçün Kennedi Kosmik Mərkəzinə çatdırılacaq.
Nazirin bildirdiyinə görə, aparat bir neçə ay Yerin orbitində 100 km hündürlükdə işləyəcək. Bundan sonra Aya eniş edəcək. Orada o, maqnetizm, suyun yaranma şəraiti və digər sahələrdə bir sıra tədqiqatlar aparmalıdır.
Bu, Türkiyə tarixində ilk Ay missiyası olacaq.
Aysel Mətləb