Ankara, Pakistan və Səudiyyə Ərəbistanı ilə hərbi ittifaq qurmağı planlaşdırır. Bu addım regionda güc balansına ciddi təsir göstərə bilər.
Todaypress TV "Bloomberg"ə istinadən xəbər verir ki, Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçlü müdafiə ittifaqı qurmağı nəzərdən keçirir.
Nəşrin məlumatına görə, Ankara ötən sentyabrda Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış qarşılıqlı müdafiə müqaviləsinə qoşulmağı planlaşdırır.
Məlumata görə, bu üç ölkə bir-birinə qarşı edilən hər hansı hərbi təcavüzü özlərinə qarşı sayacaq. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının birgə ittifaqı regiondakı güc balansına ciddi təsir göstərə bilər.
Tarixi əməkdaşlıq fonunda Türkiyə və Pakistan uzun müddətdir hərbi və diplomatik əlaqələr saxlayır. Ölkələr birgə hərbi təlimlər keçirir, Türkiyə Pakistanın hərbi texnologiyasını modernləşdirir və birgə layihələr həyata keçirir.
Üç ölkənin ittifaqı ABŞ-ın regiondakı roluna alternativ yarada, İran və İsrailin mövqelərinə təsir edə və Hindistan üçün də sürpriz ola bilər.
Buna baxmayaraq, ekspertlər bunun hələ sınaq mərhələsində olduğunu və rəsmi açıqlamanın verilmədiyini qeyd edirlər. Türkiyə-Səudiyyə əməkdaşlığının isə hələ minimal səviyyədə olduğu bildirilir.
Jalə Rövşən
