Türkiyə Kubaya üzən elektrik stansiya göndərdi
Dünya
06.04.2026 11:09
Kuba elektrik enerjisini Türkiyənin "Karpowership" şirkətindən icarəyə götürülmüş “Belgin Sultan” adlı üzən elektrik stansiyası vasitəsilə təmin edəcək.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, Havana limanında stansiya artıq işə salınıb.
Məlumata görə, bu stansiya yanacaq təchizatında yaşanan problemlər fonunda adanın köhnəlmiş enerji infrastrukturunun xilasedici xəttinə çevrilməsi üçün nəzərdə tutulub.
"Karpowership" (Karadeniz Holding-in törəmə şirkəti) dünyada enerji gəmilərindən ibarət donanmaya malik yeganə şirkətdir. Şirkət Kot-d’İvuar, Qana, Mozambik, Seneqal, İraq və Braziliya da daxil olmaqla bir çox ölkədə xidmət göstərir. Karpowership platformalar və gəmilər üzərində tikilmiş, mayeləşdirilmiş təbii qaz, təbii qaz və ya maye yanacaqla işləyə bilən üzən elektrik stansiyalarını idarə edir.
Qeyd edək ki, yanvarın 29-da ABŞ Prezidenti Donald Tramp Kubaya neft tədarük edən ölkələrdən idxal edilən neftə tarif tətbiq edən sərəncam imzaladı. Havana və Moskva Vaşinqtonun bu addımını enerji blokadası kimi qiymətləndirdilər. Mart ayının sonunda Rusiya Kubaya humanitar yardım olaraq 100 min ton xam neft göndərdi. Hazırda Rusiya tərəfi Kubaya çatdırılmaq üçün ikinci tankerin nefti üzərində hazırlıq işlərini aparır.
Jalə Rövşən
tag: Kuba ,Havana ,Türkiyə ,Elektrik enerjisi,Todaypress.tv,
