Tehran qumbaranın pinini çəkdi - Kimlər hədəfdə?

Dünya

22.05.2026 12:28

İran İsrailə və Fars körfəzi ölkələrinə qarşı qəfil raket və pilotsuz uçuş aparatları (PUA) hücumu hazırlaya bilər.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzeti kəşfiyyat rəsmilərinin xəbərdarlığına əsasən məlumat yayıb.

Məlumata görə, qiymətləndirmə İsrailin yüksəkrütbəli hərbi rəsmilərinin və müdafiə naziri İsrael Katzın iştirakı ilə keçirilən vəziyyətin təhlili iclasında səsləndirilib.

İsrail təhlükəsizlik xidmətlərinin əməkdaşları qeyd ediblər ki, Tehran Vaşinqton və Təl-Əvivin “diplomatiyanın artıq qeyri-mümkün olduğu” qənaətinə gəlməsindən əvvəl preventiv hərəkətə keçməyə çalışa bilər.

Mənbənin bildirdiyinə görə, İranın mümkün hücumu genişmiqyaslı raket və PUA zərbələri ilə həyata keçirilə bilər. Bu, regionda gərginliyin yeni mərhələyə keçməsi riskini daşıyır. Hazırda İsrail müdafiə qüvvələri və müttəfiqləri potensial təhdidlərə qarşı əlavə tədbirlər görür.

Rəsmi Tehran isə iddialara hələlik cavab verməyib.

Jalə Rövşən

TodayPress TV

tag: İran ,Tehran ,İsrail ,Hücum ,Todaypress.tv,