Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa işləri başladı

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa işləri başladı
07.10.2026 19:42 Dünya

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında güclü yağışlar və sel axınlarının təsiri ilə sürüşmə baş vermiş Altıağac–Xızı avtomobil yolunun 17-ci kilometrlik hissəsində bərpa və möhkəmləndirmə tədbirləri aparılır.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

"Hazırda sürüşmənin törətdiyi dağıntıların ləğv edilməsi istiqamətində ərazidə geniş həcmli və təxirəsalınmaz tədbirlər reallaşdırılır. İşlərin operativ və təhlükəsiz qaydada yerinə yetirilməsi üçün əraziyə lazımi sayda canlı qüvvə, ixtisaslaşdırılmış texnika və mexanizmlər səfərbər edilib.

Həyata keçirilən tədbirlər çərçivəsində sürüşmə səbəbindən deformasiyaya məruz qalmış yol hissələri yenidən qurulur, hərəkət zolağına və ətraf sahələrə yığılmış torpaq kütlələri təmizlənir, yol örtüyünün dayanıqlığının artırılması üçün lazımi möhkəmləndirmə işləri görülür", - deyə məlumatda qeyd olunub.

AAYDA bildirir ki, eyni zamanda, yağıntılı hava şəraitinin yarada biləcəyi potensial təhlükələrin minimuma endirilməsi və yolun etibarlı istifadəsinin təmin olunması məqsədilə profilaktik xarakterli qabaqlayıcı tədbirlər də icra edilir.

"Aparılan işlərin başlıca hədəfi Altıağac–Xızı avtomobil yolunun təhlükəsiz və dayanıqlı vəziyyətə qaytarılması, nəqliyyat vasitələrinin hərəkətinin bütünlüklə bərpası və bölgədə fasiləsiz nəqliyyat əlaqəsinin yenidən qurulmasıdır", - deyə məlumatda vurğulanıb.

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər