Suriyada kürdlərin hüquqlarının qorunması ilə bağlı fərman imzalandı
Dünya
17.01.2026 11:51
Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarının qorunmasına dair fərman imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, fərman Suriyada kürdlərin etnik və dil ayrı-seçkiliyindən qorunmasını, onların bərabərhüquqlu vətəndaşlar kimi tanınmasını nəzərdə tutur. Bu addım ABŞ-nin dəstəklədiyi kürd qüvvələri ilə Dəməşq arasında yenidən alovlanan toqquşmalar fonunda atılıb.
Suriya lideri “X” sosial şəbəkəsində paylaşdığı videomüraciətdə birbaşa kürd əhalisinə səslənərək bildirib ki, qanunvericilikdə təsbit olunmalı olan bu fərman onlara tam bərabər vətəndaş hüquqları təmin edir. O, həmçinin köçkün düşmüş suriyalı kürdləri şəhər və kəndlərinə qayıtmağa çağırıb və bunun üçün yeganə şərtin silahı yerə qoymaq olduğunu vurğulayıb.
Daha sonra yayımlanan fərmanın tam mətnində kürd dilinin “milli dil” statusu alacağı qeyd olunub. Sənəddə, həmçinin 1962-ci ildə aparılmış mübahisəli siyahıyaalma nəticəsində vətəndaşlıqdan məhrum edilən kürdlərə Suriya vətəndaşlığının verilməsi də nəzərdə tutulur.
Fərman dövlət qurumlarına bütün icmalar üçün bərabər hüquqları dəstəkləyən inklüziv milli diskursun təşviqini də öhdəlik kimi qoyur. Açıqlama Suriyanın şimalında kürd qüvvələri ilə hökumət qoşunları arasında gərginliyin davam etdiyi bir vaxta təsadüf edib.
Aysel Mətləb
tag: Suriya ,Şaraa ,Fərman,Kürd,Todaypress.tv,
