Rusiyada 3 günlük həyəcan başladı - Dron hücumları artdı
Rusiya mətbuatı həftəyə iki mövzu ilə damğa vurub: Dövlət Dumasına seçkilərin başlaması və Ukrayna ətrafında davam edən hərbi hadisələr.
TodayPress TV xəbər verir ki, 18 sentyabrda Rusiyada Dövlət Dumasına seçkilər rəsmi şəkildə start götürüb.
Səsvermə üç gün - 18, 19 və 20 sentyabr tarixlərində baş tutacaq. İlk seçki məntəqələri uzaq şərq regionları, Kamçatka və Çukotkada açılıb. Mətbuat seçki prosesinin gedişatını, elektron səsvermənin tempini və regionlardakı iştirak göstəricilərini geniş işıqlandırıb. Moskva daxil olmaqla bir sıra şəhərlərdə elektron səsvermənin aktiv istifadə olunduğu qeyd edilib.
Həftə ərzində Ukrayna dronlarının Rusiya ərazilərinə hücumları daima gündəmdə olub. Xüsusilə Belqorod vilayətində baş verən hücum nəticəsində bir nəfərin həlak olduğu, səkkiz nəfərin isə yaralandığı bildirilib. Yaralananlar arasında yeniyetmənin də olduğu qeyd olunub. Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində 40-dan çox dronu məhv etdiyini açıqlayıb. Ümumilikdə həftə ərzində Belqorod, Bryansk, Kursk, Voronej və digər ərazilərdə dron hücumlarının qarşısının alındığı barədə məlumatlar yayılıb.
Rusiya tərəfi eyni zamanda özünün cavab zərbələrini də mütəmadi olaraq işıqlandırıb. Müdafiə Nazirliyinin həftəlik icmalında Ukrayna ərazisindəki hərbi sənaye obyektləri, logistika mərkəzləri və digər hədəflərə zərbələr endirildiyi bildirilib. Hava hücumundan müdafiə sistemlərinin isə yüzlərlə Ukrayna dronunu və bir sıra raketləri məhv etdiyi qeyd olunub.
Həftənin digər diqqətçəkən xəbəri Plesetsk kosmodromundan hərbi təyinatlı peykin orbitə çıxarılması olub. “Soyuz-2.1b” raketi ilə buraxılan peykin uğurla hədəf orbitinə yerləşdirildiyi və onun sistemlərinin normal işlədiyi açıqlanıb.
Bundan əlavə, bəzi xarici liderlərin bəyanatları və mümkün enerji infrastrukturuna zərbələrin dayandırılması ilə bağlı müzakirələr də Rusiya mediasında yer alıb. Lakin bu mövzular əsasən ikinci planda qalıb.
Türkan İsgəndərli