Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onunla əlaqəli şəxslərlə bağlı daha bir məsələ məhkəmə müstəvisinə keçib.
TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, Gəncədə fəaliyyət göstərən Yeni Gəncə Tibb Mərkəzinin aid olduğu "İntermedservis" MMC-nin təsisçisi və direktoru Nərminə Səfərova "Qafqazinfo"ya müraciət edərək sahibi olduğu mülkiyyətin zorla əlindən alındığını bildirib.
Sahibkar iddia edib ki, 9 il əvvəl ailəsinin yaratdığı klinika faktiki olaraq zorla onların nəzarətindən çıxarılıb, müəssisənin əsas yaradıcısı olan həyat yoldaşı S.Allahverdiyev idarəetmədən uzaqlaşdırılıb, özü isə payçı kimi şirkətin fəaliyyəti və maliyyə vəziyyəti barədə məlumat almaq imkanından məhrum edilib:
"2017-ci ilin aprelində İlham Əliyev "qoçuları" ilə klinikaya gəlib, direktor otağının qıfılını qırıb, S.Allahverdiyevi müəssisədən uzaqlaşdırıb. Bundan sonra biz 2025-ci ilin noyabrınadək klinikanın real idarəçiliyindən kənarda saxlanıldıq, uzun illər öz hüquqlarımızı bərpa edə bilmədik. Əlbəttə, bu, İlham Əliyevin qayınatası Ramiz Mehdiyevin malik olduğu siyasi və inzibati nüfuzun mümkün təsiri ilə olub".

Nərminə Səfərovanın bildirdiyinə görə, vəziyyət 2025-ci ilin noyabrında dəyişib:
"Təxminən səkkiz ildən sonra mən yenidən klinikaya dəvət olundum və müəssisənin idarəçiliyi faktiki olaraq bizə geri qaytarıldı. Lakin bu zaman biz ağır vəziyyətə düşmüş müəssisə ilə qarşılaşdıq. Belə ki, əvvəlki idarəçilik dövründən klinikaya 600 min manatdan artıq borc, 100 minlərlə həcmdə vergi öhdəlikləri və ciddi maddi-texniki problemlər qalıb.
Bununla belə klinikanı yenidən ayağa qaldırmağa, tibbi xidmətin keyfiyyətini yüksəltməyə, əmək münasibətlərini tam rəsmiləşdirməyə və normal sahibkarlıq fəaliyyəti göstərərək dövlət qarşısında vergi öhdəliklərini yerinə yetirməyə çalışırıq. Buna baxmayaraq, əvvəlki illərdə yaranmış borc və öhdəliklər müəssisənin normal fəaliyyətinə ciddi maneə yaratmaqdadır.
Şikayətçi bildirib ki, onlara milyonlarla manat dəyərində maddi-mənəvi ziyan vurulub. Klinikanı geri aldıqdan sonra orada lisenziyalı audit şirkəti tərəfindən yoxlama aparılıb.
"Bizə bu müddətdə 3.8 milyon manatdan artıq dividend ödənilməyib. Həmçinin işçilər və digər tərəfdaşların adına 600 min manata yaxın borc yığılıb.
Klinikanın avadanlıqlarına baxım olmadığı üçün bir çox əhəmiyyətli cihazlar yararsız hala düşüb və ya oğurlanıb. Yığılmış vergi borcu isə yarım milyon manat həddindədir. Bina da bu müddətdə baxımsız qalıb, tamamilə amortizasiya olub, nəqliyyat vasitələri sıradan çıxıb. Maddi-texniki bazaya da təxminən 1.5 milyon manatlıq zərər vurulub.
Audit zamanı 2023-2025-ci illərlə bağlı 100 minlərlə manatlıq şübhəli elektron qaimələr, nağdlaşdırma əməliyyatları və böyük həcmdə silinmiş xidmətlərə dair faktlar müəyyən edilib. Biz auditin nəticələrini və digər sənədləri aidiyyəti dövlət və hüquq-mühafizə orqanlarına təqdim etməyi düşünürük. Bütün bu hallara hüquqi qiymət verilməlidir.
Eyni zamanda artıq başlamaqda olan məhkəmə proseslərində məni faktiki olaraq payımdan məhrum edən digər 3 payçı - İlham Əlisəftər oğlu Əliyev, Fərid Akif oğlu Sadıqov və Səftər Fikrət oğlu Əliyev də cavab verməli olacaq. Onlar tərəfindən müəssisədəki payımdan necə məhrum edildiyimi, müəssisənin həmin illərdə necə idarə olunması və 100 minlərlə manatlıq borcların hansı şəraitdə yaranması məsələləri bir-bir qaldırılacaq. Məhkəmə və digər hüquqi proseslər irəlilədikcə, indiyədək ictimaiyyətə məlum olmayan sənədlər və faktları da mərhələli şəkildə açıqlayacağıq", - əlavə edib.