Hacıbəyov erməni bəstəkarı Azərbaycandan qovdu - Tarixin maraqlı səhifəsi
Dünya şöhrətli Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq və pedaqoq Üzeyir Hacıbəyli düşündüyümüzdən də böyük bir şəxsiyyət olub. Onun erməni bəstəkarı Aram Xaçaturyanı Azərbaycandan didərgin salmasının maraqlı tarixçəsi var.
Üzeyir bəyin assistenti Zaxar Yakovleviç Stelnikin xatirələrində belə yazılıb:
"Bir gün Mərkəzi Komitədən tapşırıq gəlir ki, Aram Xaçaturyanın əsəri dinlənilməli və bədii şura tərəfindən qəbul edilməlidir. Professor-müəllim heyəti yığışıb Xaçaturyanın simfoniyasını dinləyir. Sonra adət üzrə Üzeyir bəyin otağında müzakirə başlayır. Hamı toplaşır. Xaçaturyanı baş tərəfdə oturdurlar.
Üzeyir bəy sözə başlayır:
“Belə, yoldaşlar! Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə, çalğıya başlayıb-başlamadığını tamaşaçı yox, heç müəllif özü də hiss edə bilməz".
Otağa dərin sükut çökür. Bu sükutu yalnız Xaçaturyanın addım səsləri pozur. O, portfelini götürüb heç nə demədən otaqdan çıxır. Bu, onun Azərbaycandan son gedişi olur…"
Bu gün Üzeyir Hacıbəylinin – bu azman insanın, bu nəhəng azərbaycanlının doğum günüdür. Dünyaya gəlişindən 141, dünyadan gedişindən 78 il keçir. Daha neçə illər, neçə onillər keçəcək, amma bu nur-adamın ziyası heç vaxt sönməyəcək.