Qonşuda silkələnmə: Tbilisinin qara həftəsi

Qonşuda silkələnmə: Tbilisinin qara həftəsi
18.09.2026 15:47 Dünya

Bu həftə Gürcüstan mətbuatında daxili siyasi qərarlar, məhkəmə prosesləri və sosial hadisələr ön planda olub.

TodayPress TV xəbər verir ki, ən çox müzakirə olunan mövzulardan biri hökumətin qrantları idarə edən dövlət agentliyini bağlamaq qərarı olub. 

Baş nazir İrakli Kobaxidze QHT-ləri “süni hadisə” adlandırıb və onların əsas məqsədinin başqa dövlətlərin işinə qarışmaq olduğunu bildirib. Bu addım müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən tənqid edilib.

Digər diqqətçəkən xəbər isə keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin 13 il azadlıqdan məhrum edilməsi olub. Məhkəmə onu irimiqyaslı rüşvət cinayətlərində təqsirli bilib.

Beynəlxalq məsələlərdə isə ABŞ məhkəməsinin Gürcüstanı Namaxvani su elektrik stansiyası layihəsi ilə bağlı 350 milyon dollar ödəməyə məcbur etməsi geniş işıqlandırılıb. Layihənin dayandırılması ilə bağlı arbitraj qərarı ölkədə müzakirələrə səbəb olub.

Sosial sahədə Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə hadisəsi gündəmə gəlib. 55 uşaq və bir tərbiyəçi zəhərlənmə əlamətləri ilə xəstəxanalara müraciət edib. Hadisə ilə bağlı istintaq başladılıb, bir neçə bağçada dərslər dayandırılıb.

Həftə ərzində həmçinin Gürcüstanın Azərbaycana yeni səfir təyin etməsi də media məkanında yer alıb.

Belə ki, fövqəladə və səlahiyyətli səfir vəzifəsinə Giorgi Zakaraşvili gətirilib. O, bundan əvvəl Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəsi kimi çalışıb. Zakaraşvili vəzifəsinə oktyabrın 1-dən rəsmi şəkildə başlayacaq. Onu əvvəlki səfir Zurab Pataradze əvəz edir. Pataradze hazırda Acarıstan Muxtar Respublikası hökumətinin sədridir. Gürcüstan rəhbərliyi yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından vacib olduğunu vurğulayıb.

Digər mühüm xəbər isə İranla hava əlaqəsinin dayandırılması olub. Baş nazir İrakli Kobaxidze bu qərarın ABŞ-nin İran aviaşirkətlərinə tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu bildirib. ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-dən etibarən 27 İran aviaşirkətinə sanksiya tətbiq edib. Bunların arasında əvvəllər Tbilisi və Batumiyə reyslər həyata keçirən şirkətlər də var idi. Kobaxidze qeyd edib ki, Gürcüstan qonşu ölkələrə qarşı ikitərəfli sanksiya tətbiq etmir, lakin beynəlxalq sanksiya rejimlərini nəzərə alır. Bu yanaşma əvvəllər Rusiya ilə münasibətdə də tətbiq olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər