Rusiya üzərindən uçan naməlum təyyarə Mirziyoyevin imiş
Dünya
20.02.2026 17:43
Fevralın 19-da ABŞ-nin "Endryus" Hərbi Hava Qüvvələri bazasından qalxaraq Rusiya hava məkanına daxil olan naməlum təyyarənin Özbəkistan prezidenti Şavkat Mirziyoyevə məxsus olduğu müəyyən edilib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, məlumat mənbə tərəfindən təsdiqlənib.
Agentliyin mənbəsi qeyd edib ki, “ən azı bu təyyarə mediada göstərilən marşruta demək olar ki, uyğun istiqamətdə uçuş həyata keçirib”.
"FlightAware"in məlumatına əsasən, Özbəkistan prezidentinin təyyarəsi fevralın 19-da Moskva vaxtı ilə saat 22:12-də Vaşinqtondan havaya qalxıb və fevralın 20-də saat 10:13-də Daşkəndə eniş edib.
Təyyarənin marşrutu “Boeing 787-8 Dreamliner” tipli təyyarənin uçuş istiqaməti ilə üst-üstə düşüb. Uçuş Qrenlandiya, Norveç və Finlandiya üzərindən keçib, daha sonra Murmansk vilayəti yaxınlığında Rusiya sərhədini keçərək Arxangelsk və Orenburq vilayətləri üzərindən uçub. Sonra Qazaxıstan hava məkanına daxil olaraq Özbəkistan paytaxtına istiqamət alıb.
Qreyd edək ki, Şavkat Mirziyoyev fevralın 17–19-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi Qəzza zolağı üzrə “Sülh Şurası”nın ilk iclasında iştirak edib.
Özbəkistan prezidentinin mətbuat xidməti bildirib ki, görüşdən sonra dövlət başçısı Daşkəndə qayıdıb. Prezidentin mətbuat katibi Şerzod Əsədov “Telegram” platformasında yazıb: “12 saatlıq uçuş zamanı ‘Birinci Hava Qüvvələri’ tam hüquqlu hava qərargahına çevriləcək”.
Jalə Rövşən
tag: Qazaxıstan ,ABŞ , "Endryus" Hərbi Hava Qüvvələri ,Rusiya ,Todaypress.tv,
