Rusiya Almaniyaya nota verdi - SƏBƏB nədir?

Dünya

27.04.2026 22:21

Rusiya Xarici İşlər Nazirliyi Almaniya Bundestaqının (Parlament) üzvü Roderix Kizevetter, Rusiyada terror siyahısına daxil edilən “Çeçen İçkeriya Respublikası” təşkilatının rəhbəri Əhməd Zakayev ilə görüşməsi səbəbilə Almaniyaya etiraz notası təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.

Sözügedən görüş daha əvvəl Kiyev şəhərində, Ukrayna Prezidenti Volodimir Zelenski rəhbərliyinin dəstəyi ilə baş tutub.

Açıqlamada qeyd olunub ki, bu təşkilatın üzvlərinin Rusiya ərazisində təxribat xarakterli fəaliyyətlərdə iştirak etdiyi iddia olunur. Bu səbəbdən Almaniyanın Moskvadakı səfiri Aleksandr Qraf Lambsdorff Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya tərəfi səfirə təqdim edilən etiraz notasında bu görüşü Almaniya hökumətinin Rusiyanın daxili işlərinə müdaxiləsi və milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Bildirilib ki, bu cür addımlar nəticəsiz qalmayacaq və Rusiyaya qarşı atılan düşmən addımlar mütləq cavablandırılacaq.

Qeyd edək ki, “Çeçen İçkeriya Respublikası” təşkilatı ötən həftə Rusiyada qadağan olunmuş terror və ekstremist qurumlar siyahısına daxil edilib.

Kənan Yusif

TodayPress TV

tag: Rusiya,Almaniya,Nota,Putin,Todaypress.tv,