Qırğızıstan telekanallardan milli dildə yayım tələb edir

Dünya

16.01.2026 18:15

Qırğızıstan hakimiyyəti qanuni tələblərə uyğun olaraq televiziya kanallarından milli dildə yayımlanan verilişlərin payını 60%-ə çatdırmağı tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Marat Taqayev teleşirkət nümayəndələri ilə keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, bəzi özəl kanallar qanunun tələblərinə formal şəkildə əməl edərək, on il əvvəl çəkilmiş qırğız dilində proqramları təkrar yayımlayır.

Taqayev qeyd edib ki, hakimiyyət özəl telekanalların inkişafına və onların strategiyalarına mane olmur, lakin qanunun, xüsusilə də qırğız dili ilə bağlı normaların ciddi şəkildə yerinə yetirilməsi vacibdir. O vurğulayıb ki, dövlət tamaşaçıların hüquqlarını qorumağa borcludur. 

Nazir müavini əlavə edib ki, teleşirkətlərə “Qırğızfilm” və “Qırğızserial” fondlarından 400-dən çox film, 40 cizgi filmi və 10 serial ödənişsiz təqdim olunub.

Bildirilib ki, telekanallar fevral ayının sonunadək bu qurumlarla müqavilə bağlamalı və qırğız dilində kontentlə təmin olunmalıdır. Əks halda, hakimiyyət ilin sonunadək bu cür özəl telekanallarla bağlı tədbirlər görəcək.

Aysel Mətləb

TodayPress TV

tag: Qırğızıstan ,Telekanal,Dil,Tələb,Todaypress.tv,