Qazaxıstanda məcburi nikaha görə yeni qanun qüvvəyə mindi

Dünya

04.11.2025 16:20

Qazaxıstanda məcburi nikahla bağlı yeni qanunun qüvvəyə minməsindən sonra yeddi cinayət işi açılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisələr Qaraqanda, Manqistau, Cambıl, Türküstan vilayətləri və Çimkənd şəhərində qeydə alınıb. Bu işlər üzrə 15 nəfər şübhəli şəxs saxlanılıb. Nazirlik bildirib ki, hər bir fakt üzrə ibtidai istintaq aparılır və cinayətlərin bütün halları araşdırılır.

Xatırladaq ki, sentyabrın 16-da Qazaxıstanda gəlin oğurluğu və zorla nikaha daxil olma cinayət məsuliyyəti daşıyan əməllər siyahısına daxil edilib. Yeni qanuna əsasən, bu cür hallar cərimə, ictimai və ya islah işləri, eləcə də azadlığın məhdudlaşdırılması və ya həbslə cəzalandırılır.

Qanun pozuntusuna görə cəza 2000 aylıq hesablama göstəriciyə qədər (təxminən 14 500 ABŞ dolları) cərimədən başlayaraq iki ilədək həbsə qədər dəyişə bilər. Əgər məcburiyyət zorakılıqla müşayiət olunarsa və ya yetkinlik yaşına çatmayanlara qarşı törədilərsə, daha sərt cəzalar tətbiq olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qazaxıstan,Nikah,Cinayət,Evlilik,Todaypress.tv,