Putin İran-ABŞ gərginliyi ilə bağlı danışdı: Xameneidən aldığı mesajı açıqladı

Dünya

27.04.2026 20:41

Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində yerləşən Boris Yeltsin Prezident Kitabxanası binasında baş tutub.

Görüşdə Rusiya tərəfindən Prezidentin xarici siyasət üzrə müşaviri Yuriy Uşakov, xarici işlər naziri Sergey Lavrov və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəhbəri İgor Kostyukov iştirak edib. İran tərəfdən isə nazir Əraqçı ilə yanaşı, xarici işlər nazirinin müavini Kazım Qaribabadi və İranın Moskvadakı səfiri Kazım Cəlali görüşə qatılıb.

Görüşün əvvəlində çıxış edən Putin bildirib ki, İran xalqı ABŞ və İsrailin hücumlarına qarşı öz müstəqilliyi və suverenliyi uğrunda “cəsarətlə və qəhrəmancasına mübarizə aparır”.

Putin həmçinin İran lideri Müctəba Xamenei tərəfindən ona göndərilən mesajı aldığını açıqlayıb və buna görə təşəkkürünü ifadə edib.

Rusiya lideri qeyd edib ki, Moskva Tehranla strateji münasibətləri davam etdirmək niyyətindədir. O əlavə edib ki, İran xalqının yeni liderin rəhbərliyi altında bu çətin dövrü geridə qoyacağına və bölgədə sülhün bərqərar olacağına ümid edir.

Putin vurğulayıb ki, Rusiya İran və region ölkələrinin maraqları naminə Yaxın Şərqdə sülhün ən qısa zamanda təmin olunması üçün səylərini davam etdirəcək.

O, eyni zamanda İran liderinə sağlamlıq arzularını çatdırıb.

Kənan Yusif

TodayPress TV

tag: Rusiya,İran,ABŞ,Müharibə,Todaypress.tv,