Polşa “dron divarı” qurmaq niyyətindədir

Dünya

04.11.2025 13:30

Polşa yaxın aylarda öz milli dron əleyhinə müdafiə sisteminin yaradılmasına başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Çezari Tomçik "Bloomberg" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu ay Polşa Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarının aşkarlanması, sıxışdırılması və zərərsizləşdirilməsi texnologiyalarına investisiya yatırmaq barədə proqram açıqlayacaq. Layihə hava hücumundan müdafiə sisteminin tərkib hissəsi kimi həyata keçiriləcək.

Tomçik investisiyanın həcmini açıqlamayıb, lakin qeyd edib ki, müqavilələrin ən azı yarısını Polşa şirkətləri yerinə yetirməlidir.

“Biz Avropa İttifaqı (Aİ) səviyyəsində hava məkanının müdafiəsini gücləndirmə ideyasını dəstəkləyirik, lakin prioritet milli layihələrə veriləcək”, - deyə o vurğulayıb.

Rəsmi bildirib ki, gələcəkdə Aİ-nin “dron divarı” təşəbbüsü Polşanın sistemini tamamlayıcı rol oynaya bilər.

"Rusiyanın və Ukraynanın hazırda dronlardan istifadə tərzi göstərir ki, bu sahədə imkanlarımızı gücləndirmək həm hava, həm quru, həm də dəniz əməliyyatları üçün prioritet olmalıdır", - deyə Tomçik əlavə edib.

Aysel Mətləb

TodayPress TV

tag: Polşa ,Dron,Müdafiə,Sistem,Todaypress.tv,