Pentaqon dronlar üçün 75 milyard dollar ayırır

Dünya

21.04.2026 21:00

ABŞ Müdafiə Nazirliyi tarixdə ən böyük büdcə tələbi ilə dronlar və dron əleyhinə texnologiyalar üçün 75 milyard dollar ayırmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, bu vəsaitin böyük hissəsi xüsusi bölmələrlə əməkdaşlıq edən və yeni sistemləri sınaqdan keçirən Müdafiə üzrə Avtonom İşçi Qrupunun (DAWG) maliyyələşdirilməsinin kəskin artırılmasına yönəldiləcək.

Xüsusilə, bu bölmə üçün cari ildəki cəmi 225,9 milyon dollara qarşı 54,6 milyard dollar nəzərdə tutulub. Bu, müdafiə proqramları arasında maliyyələşdirmənin ən böyük illik sıçrayışlarından biri ola bilər.

Pentaqon qeyd edib ki, vəsaitin böyük hissəsi yeni texnologiyaların işlənib hazırlanmasına deyil, artıq mövcud olan pilotsuz sistemlərin satın alınmasına, qiymətləndirilməsinə və modernləşdirilməsinə sərf olunacaq.

Maliyyələşdirmənin kəskin artımı ucuz zərbə dronlarının effektivliyini nümayiş etdirən münaqişələr fonunda baş verib. Xüsusilə, Yaxın Şərqdəki müharibədə birdəfəlik pilotsuz uçuş aparatlarından aktiv şəkildə istifadə olunur.

Aysel Mətləb

TodayPress TV

tag: Pentaqon,Dron,Maliyyə,Dollar,TodayPress TV,