OPEC dağılmağa başladı? BƏƏ qurumdan çıxır: Səudiyyə ilə müharibəyə sürüklənir..

Dünya

28.04.2026 17:11

Birləşmiş Ərəb Əmirlikləri 1 may tarixindən etibarən  OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı verib.

TodayPress TV xəbər verir ki, bu addım son onilliklərin ən mühüm enerji-geosiyasi dəyişikliklərindən biri kimi qiymətləndirilir.

Mövcud vəziyyət fonunda bu qərarın məntiqi əsasları diqqət çəkir. Məlumata görə, İran son aylar ərzində BƏƏ-nin mülki infrastrukturuna silsilə hücumlar həyata keçirib, ölkəyə ümumilikdə 2800-ə yaxın raket və pilotsuz uçuş aparatı ilə zərbələr endirib. Bu isə regionda etimad mühitinə ciddi zərbə vurub.

Eyni zamanda, BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında da fikir ayrılıqları dərinləşib. Səudiyyə Ərəbistanı ABŞ-a qarşı blokadanın yumşaldılması üçün təzyiqlər göstərsə də, BƏƏ bu mövqeni bölüşməyib və fərqli xətt tutub.

BƏƏ uzun illərdir OPEC çərçivəsində tətbiq olunan istehsal kvotalarından narazılıq edirdi. Ölkə gündəlik neft hasilat gücünü 5 milyon barelə çatdırmaq məqsədilə təxminən 62 milyard dollar sərmayə yatırıb. Buna baxmayaraq, OPEC tərəfindən müəyyən edilən kvotalar bu potensialdan xeyli aşağı səviyyədə saxlanılıb. Qeyd edək ki, oxşar səbəblərlə Qətər 2019-cu ildə təşkilatdan ayrılmışdı.

Hazırda dünya bazarında neftin qiymətinin bir barel üçün 108 dollar civarında olduğu və qlobal tədarükün məhdud qaldığı şəraitdə, BƏƏ-nin OPEC-dən çıxması ölkəyə istehsalı sərbəst artırmaq imkanı verə bilər. Bu addımın illik əlavə 50 milyard dollara qədər gəlir gətirəcəyi ehtimal olunur.

Bununla yanaşı, bu qərar BƏƏ-nin regionda əsas tərəfdaşlardan biri sayılan Səudiyyə Ərəbistanından müəyyən dərəcədə uzaqlaşması kimi də qiymətləndirilir. Rəsmi Əbu-Dabi OPEC daxilində İranın da yer aldığı mövcud əməkdaşlıq formatını getdikcə daha az etibarlı hesab edir.

Ekspertlərin fikrincə, İranla bağlı gərginlik və davam edən qarşıdurma təkcə BƏƏ-nin infrastrukturuna ziyan vurmayıb, həm də OPEC daxilində Körfəz ölkələri arasında mövcud olan həmrəyliyi ciddi şəkildə zəiflədib.

Jalə Rövşən 

TodayPress TV

tag: OPEC ,BƏƏ,Səudiyyə Ərəbistanı ,OPEC+,Todaypress.tv,