Niderlandda etirazçılar bələdiyyə binasına hücum etdi – qərar geri çəkildi
Dünya
28.04.2026 16:28
Niderlandın Şimali Hollandiya əyalətində yerləşən Loosdrext bələdiyyəsində sığınacaq axtaranlar üçün yaşayış mərkəzinin yaradılmasına etiraz edən təxminən 50 nəfər bələdiyyə binasına qarşı vandalizm aktı törədib.
TodayPress TV xəbər verir ki, bu barədə “Algemeen Dagblad” (AD) qəzeti məlumat yayıb.
Məlumata görə, polis şübhəlilərdən birini — 34 yaşlı Ermelo sakini — saxlayıb. Digər şübhəlilərin axtarışı davam edir.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, hadisə aprelin 27-si axşam saatlarında, Kral Günü şənliklərindən sonra baş verib. Nümayişçilərdən ibarət böyük qrup bələdiyyə binasına doğru yürüş edərək hasarı dağıdıb, binaya daş və səki daşlarının parçalarını atıb. Nəticədə inzibati binaya ciddi ziyan dəyib. Loosdrext administrasiyası artıq dəyən zərərin bərpası xərclərini məsul şəxslərdən tələb edəcəyini açıqlayıb.
Bundan əlavə, etirazlar fonunda yerli hakimiyyət müəyyən güzəştə gedərək miqrantlar üçün planlaşdırılan müvəqqəti yerləşdirmə yerlərinin sayını 110 nəfərdən 70 nəfərə endirib. Bildirilir ki, qaçqınlar üçün mərkəzin birbaşa bələdiyyə binasında yerləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, Loosdrextdə etirazlar aprelin 20-də başlayıb və dörd gün davam edərək genişmiqyaslı iğtişaşlarla müşayiət olunub. Bu müddət ərzində polis ictimai asayişi pozmaq, hökumət rəsmilərini təhqir etmək, nümayiş yerini tərk etməkdən imtina etmək və hüquq-mühafizə orqanı əməkdaşına qarşı zor tətbiq etməyə cəhd göstərmək kimi ittihamlarla 13 nəfəri saxlayıb.
Miqrasiya və sığınacaq naziri Bart van den Brink hadisəni qəbuledilməz adlandırıb, lakin zorakılığın bütün etirazçılar tərəfindən deyil, yalnız kiçik bir qrup tərəfindən törədildiyini vurğulayıb. O, həmçinin vəziyyətlə bağlı narahatlıq keçirən vətəndaşlarla dinc dialoqun vacibliyini qeyd edib.
Qeyd olunur ki, sakinlərin narazılığı yerli hakimiyyətin yüzlərlə sığınacaq axtaran şəxsi bələdiyyə binasında yerləşdirmək planı ilə bağlıdır. Hakimiyyət bu qərarı yalnız aprelin 17-də açıqlayıb, halbuki ilk sığınacaq axtaranların həmin həftə müvəqqəti mərkəzə yerləşdirilməsi planlaşdırılırdı. Bələdiyyə bu tələsik qərarı ölkədə miqrantlar üçün yer çatışmazlığı fonunda, Sığınacaq Axtaranlar üçün Mərkəzi Qəbul Agentliyindən daxil olan sorğu ilə əsaslandırıb.
Jalə Rövşən
tag: Niderland ,Bələdiyyə ,Etiraz ,Qərar ,Todaypress.tv,
