Niderland Qrenlandiyanın müdafiəsinə hazırlaşır

Dünya

14.01.2026 17:35

Niderland Qrenlandiya və Arktika bölgəsinin təhlükəsizliyini təmin etmək üçün potensial NATO missiyasında iştirak etməyi nəzərdən keçirir. 

TodayPress TV xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, əgər missiya yaradılarsa, Niderland donanması, qırıcı təyyarələr və quru qüvvələrinin cəlb edilməsi variantları araşdırılır. 

Haaqadakı hökumət dairələri hesab edir ki, Niderland Arktika şəraitində fəaliyyət göstərməkdə toplanmış təcrübəsinə görə missiyanın əsas iştirakçısı hesab edilə bilər. Xüsusilə, Krallığın dəniz piyadalarının ixtisaslaşmış bölmələri Norveçin şimalında müntəzəm olaraq təlim keçirlər.

Məlumata görə, Niderland illərdir ki, öz ordusunu Uzaq Şimaldakı əməliyyatlar üçün hazırlayır.

Xatırladaq ki, yanvarın 11-də "Bloomberg" agentliyi Almaniya və Böyük Britaniya başda olmaqla bir qrup Avropa ölkəsinin Qrenlandiyaya əlavə qoşun göndərməyi nəzərdən keçirdiyini bildirib. 

Aysel Mətləb

TodayPress TV

tag: Niderland ,Qrenlandiya ,Arktika ,NATO ,Todaypress.tv,