Moskva və Kiyev arasında aktiv danışıqlar yoxdur - ABŞ etiraf etdi
Dünya
22.05.2026 18:23
ABŞ dövlət katibi Marko Rubio Rusiyavə Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı hazırda aktiv danışıqların aparılmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, NATO üzvü ölkələrin xarici işlər nazirlərinin İsveçdə keçirilən toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
O qeyd edib ki, hazırda belə danışıqlar aparılmasa da, Vaşinqton prosesin yenidən başlamasına ümid edir. Rubionun sözlərinə görə, əvvəlki təmaslar istənilən nəticəni verməyib, lakin ABŞ vasitəçi rolunu davam etdirməyə hazırdır.
ABŞ dövlət katibi bildirib ki, əgər başqa ölkələr bu prosesdə vasitəçilik etmək istəyirsə, bunu edə bilərlər. Bununla yanaşı, o vurğulayıb ki, hazırda dünyada bu missiyanı həyata keçirə biləcək başqa tərəf görünmür.
Rubio əlavə edib ki, Vaşinqton nəticə verməyən sonsuz görüşlər silsiləsində iştirak etmək niyyətində deyil.
O həmçinin bəyan edib ki, Ukraynadakı müharibənin hərbi həlli yoxdur və münaqişə yalnız danışıqlar yolu ilə başa çata bilər.
Aysel Mətləb
tag: ABŞ,Rusiya,Ukrayna,Rubio,TodayPress TV,
