Misir Nil bəndinə görə Efiopiyaya təzyiqi artırır

Dünya

27.04.2026 16:58

Misir bir neçə qonşu dövlətlə əməkdaşlıq edərək Efiopiyanı diplomatik yolla təcrid etməyə və onun Qırmızı dənizə çıxış imkanlarını məhdudlaşdırmağa çalışır.

TodayPress TV xəbər verir ki, bu barədə "The National" məlumat yayıb.

Məlumata görə, bu addımlar Nil çayı üzərində tikilmiş Renessans su elektrik stansiyası ətrafında davam edən mübahisə fonunda atılır.

Mənbələr bildirir ki, Misir Somaliyə minlərlə sülhməramlı göndərib, həmçinin Eritreya və Cibutidəki hərbi obyektlər üzərində nəzarəti gücləndirib. Bu addımlar Efiopiyanın regiondakı limanlara çıxışını çətinləşdirə bilər.

Bundan əlavə, Qahirə Sudan ordusuna dəstək verib və Keniya ilə Uqanda ilə hərbi əməkdaşlığı genişləndirib.

Mənbələrə görə, Misir eyni zamanda İsrailin bölgədə artan təsirini də məhdudlaşdırmaq istəyir. Bildirilir ki, İsrailin Somalilandın müstəqilliyini tanıması regionda yeni gərginlik yaradıb.

Rəsmi Qahirə isə Efiopiyanın daxili işlərinə müdaxilə etdiyi iddialarını təkzib edir.

Daha əvvəl yayılan məlumatlara görə, Misir Efiopiyanın dənizə çıxışını dəstəkləməyə hazır olduğunu bildirsə də, bunun üçün Nil suları ilə bağlı mübahisədə güzəşt tələb edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Misir,Efiopiya,Qırmızı Dəniz,Təzyiq,Todaypress.tv,