Minlərlə "İŞİD" terrorçusu Suriyadan qaçır
Dünya
19.02.2026 15:00
Suriyanın şimal-şərqində İŞİD tərəfdarlarının saxlanıldığı Əl-Hol düşərgəsindən 20 mindən çox məhbus qaçıb.
TodayPress TV "Financial Times" nəşrinə istinadən xəbər verir ki, məlumat ərazi region hökumətinin nəzarətinə keçdikdən sonra açıqlanıb.
Hesabatda bildirilir ki, son bir ay ərzində yaxın ərazilərə nəzarət edən kürd qüvvələri Suriya hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən sıxışdırıldıqdan sonra 24 minə yaxın məhbusun demək olar ki, hamısı düşərgəni tərk edib.
Jurnalistlərin məlumatına əsasən, minlərlə məhbus hasarlardakı boşluqlardan qaçaraq ölkə daxilində müxtəlif bölgələrə yayılıb, bəziləri isə qeyri-qanuni yollarla İraq və Türkiyəyə keçə bilib. Nəşr yazır ki, düşərgədə yalnız təxminən 2 min məhbus – əsasən İraq və Suriya vətəndaşları – qalıb.
Qeyd edək ki, 2024-cü ildə Suriyada hakimiyyət dəyişikliyi baş verib. Dekabrın 8-də ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib. Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verdikdən sonra ölkəni tərk edib.
2026-cı ilin yanvarında isə Suriyanın keçid prezidenti Əhməd əl-Şara hökumət ilə Suriya Demokratik Qüvvələri arasında atəşkəs və inteqrasiya sazişi imzalayıb.
Bu ilin fevralında isə ölkə ordusu bir neçə Amerika hərbi bazasına nəzarəti ələ keçirib.
Jalə Rövşən
tag: Suriya ,Terror ,Əhməd əl-Şara ,İŞİD,Todaypress.tv,
