Litvada hava həyəcanı: Belarusdan naməlum obyekt daxil olub
Litvada oktyabrın 3-ü səhər ölkənin hava məkanında naməlum obyektin aşkarlanması ilə əlaqədar hava həyəcanı elan edilib.
TodayPress TV xəbər verir ki, "LRT"nin məlumatına görə, Milli Böhranların İdarə Edilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas obyektin müşahidə zonasını tərk etdiyini və hazırda təhlükə yaratmadığını bildirib.
Onun sözlərinə görə, obyektin nə olduğu hələ müəyyən edilməyib. Bunun dron olduğu ehtimalı araşdırılır, lakin digər versiyalar da nəzərdən keçirilir.
Məlumata görə, obyekt Belarus ərazisindən Litvanın hava məkanına daxil olub. Vilnüs hava limanında qırıcı təyyarələr havaya qaldırılıb, hava məkanı isə müvəqqəti olaraq bağlanıb.
Obyekt radarlardan itdikdən sonra onun mümkün düşmə yerinin müəyyənləşdirilməsi üçün axtarışlara başlanılıb. Vilnüs, Kaişiadoris və digər ərazilərin sakinlərindən naməlum uçan obyektlə bağlı məlumatlar daxil olub.
Litva rəsmiləri hazırda daxil olan məlumatları yoxlayırlar.
Yanğından Mühafizə və Xilasetmə Xidmətinin rəhbəri Renatas Požela sakinlərə şübhəli əşyalara yaxınlaşmamağı tövsiyə edib. O, təhlükəsiz məsafədən çəkilmiş foto və videoların araşdırmaya kömək edə biləcəyini bildirib.
Türkan İsgəndərli