Kralın qardaşı Epşteyn qalmaqalı ilə bağlı həbs edildi

Dünya

19.02.2026 17:00

Kral III Çarlzın qardaşı, New York hersoqu Endryu Mauntbatten-Vindzor amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal çərçivəsində Britaniya polisi tərəfindən saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə  Britaniyanın “Daily Mail” tabloidi yazıb.

Bildirilib ki, o, ad günündə dövlət vəzifəsində qeyri-qanuni davranış şübhəsi ilə saxlanılıb.

Bundan əvvəl “The Independent” qəzeti xəbər vermişdi ki, Böyük Britaniya polisi prokurorlarla Endryu ilə Epşteyn arasındakı əlaqələrin araşdırılması məsələsini müzakirə edir.

Jurnalistlərin iddiasına görə, keçmiş şahzadə Böyük Britaniya hökumətinə məxsus sənədləri gizli şəkildə Epşteynə ötürmüş ola bilər. Hazırda polis Endryunun cinayət törətməkdə şübhəli bilinib-bilinmədiyini və tammiqyaslı istintaqa ehtiyac olub-olmadığını müəyyənləşdirməyə çalışır.

Xatırladaq ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı yeni sənədlər paketini açıqlayıb. Həmin sənədlərdə Böyük Britaniya Kralı III Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzora bənzədilən şəxsin fotoşəkilləri də yer alıb. Jurnalistlərin məlumatına görə, fotolarda həmin şəxs yerdə uzanmış qadının yanında dörd ayaq üstə vəziyyətdə görünür. BBC-nin iddiasına əsasən, şəkillərdəki interyer Epşteynin Nyu-Yorkdakı malikanəsinin interyerinə uyğun gəlir.

Jalə Rövşən 

TodayPress TV

tag: Ceffri Epşteyn,Kral III Çarlz,Endryu Mauntbatten-Vindzor,Britaniya ,Todaypress.tv,