KİV: Macarıstanda hakimiyyətə yaxın şəxslər aktivləri xaricə köçürür
Dünya
28.04.2026 16:39
Macarıstan keçmiş Baş naziri Viktor Orban və onun rəhbərlik etdiyi Fidesz partiyasına yaxın iş adamları və rəsmilər seçkilərdəki uğursuzluqlardan sonra aktivlərini xaricə çıxarmağa başlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata əsasən, yeni Baş nazir Peter Madyar bu addımı mümkün araşdırmalardan yayınmaq cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, Orbanla əlaqəli oliqarxlar böyük məbləğdə vəsaiti BƏƏ, ABŞ və Uruqvay kimi ölkələrə köçürürlər.
İddialara görə, Orbanın yaxın çevrəsinə daxil olan iş adamı Lorinc Meszarosun ailəsi də ölkəni tərk etməyə hazırlaşır. Bildirilir ki, bəzi varlı ailələr artıq köç edib, hətta uşaqlarını məktəbdən çıxararaq bu prosesə hazırlaşıblar.
Xatırladaq ki, seçkilərdən sonra Peter Madyar korrupsiya ilə mübarizə aparacağını bəyan edib və Fidesz hakimiyyəti dövründə korrupsiyanın geniş yayıldığını bildirib. O, həmçinin son günlərdə bəzi dövlət qurumlarında sənədlərin məhv edildiyini iddia edib.
Buna cavab olaraq, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu iddiaları təkzib edərək “əsassız” adlandırıb və qeyd edib ki, yalnız lazımsız sənəd surətləri məhv edilir.
Türkan İsgəndərli
tag: Orban,Madyar,Macarıstan,Rüşvət,Todaypress.tv,
