KİV: Kim Çen In qızını gələcək lider kimi hazırlayır
Dünya
06.04.2026 17:35
Şimali Koreya lideri Kim Çen In, ehtimal ki, hakimiyyəti qızı Kim Cu-e-yə ötürməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) məlumat yayıb.
NIS bildirir ki, Kim Cu-e müdafiə sahəsi ilə əlaqəli tədbirlərdə iştirak edərək gələcək varis kimi ictimai təsirini artırmağa çalışır. Bununla yanaşı, Kim Çen Inın bacısı Kim Yo-jong praktikada ciddi səlahiyyətə malik deyil və liderlik iddiası az ehtimal olunur.
2022-ci ildən bəri Kim Çen In qızı ilə ictimai tədbirlərdə, hərbi parad və təlimlərdə birlikdə görünür. Son aylarda Kim Cu-e yeni döyüş tanklarını idarə etdiyi fotoşəkilləri ilə diqqət çəkib.
Şimali Koreya hakimiyyəti liderin şəxsi həyatı və ailəsi barədə çox məhdud məlumat yayır. Açıq mənbələrə görə, Kim Çen Inın üç övladı var, lakin ictimaiyyət qarşısına yalnız Kim Cu-e çıxıb. Onun yaşı təxminən 12-14 arasındadır. Həyat yoldaşı Ri Sol-ju haqqında məlumatlar da məhduddur, təxminən 36-41 yaşındadır.
Qərb mediası liderin gələcək varisləri barədə müntəzəm fərziyyələr yayımlayır, bu da əsasən Kim Çen Inın sağlamlıq problemləri ilə bağlıdır.
Türkan İsgəndərli
tag: Koreya,NIS,Kim Çen In,Təlim,Todaypress.tv,
