Kılıçdaroğlunun mətbuat müşaviri bəyanat verdi: Səlahiyyətlər bərpa edilir
Dünya
22.05.2026 18:15
Məhkəmənin qərarı ilə yenidən CHP sədrliyi vəzifəsinə qaytarılan Kamal Kılıçdaroğlunun mətbuat müşaviri Atakan Sönməz bildirib ki, qərarın qüvvəyə mindiyi andan etibarən partiya rəhbərliyinin fəaliyyəti rəsmi şəkildə başlayıb.
TodayPress TV xəbər verir ki, Atakan Sönməz jurnalistlərə açıqlamasında Kamal Kılıçdaroğlunun artıq rəsmi bildiriş aldığını və intensiv şəkildə fəaliyyətini davam etdirdiyini deyib.
Onun sözlərinə görə, Kılıçdaroğlu hazırda deputatlar, Partiya Məclisinin üzvləri, bələdiyyə sədrləri, keçmiş deputatlar, eləcə də vilayət və rayon təşkilatlarının rəhbərləri ilə həm üzbəüz, həm də telefon vasitəsilə geniş görüşlər keçirir.
Sönməz qeyd edib ki, məhkəmə qərarı ilə CHP-nin 37-ci qurultayında formalaşdırılan Partiya Məclisi və seçilmiş bütün strukturlar da dünəndən etibarən rəsmi fəaliyyətə başlayıb.
O bildirib ki, Kamal Kılıçdaroğlu 13 il ərzində cəmiyyəti birləşdirən siyasət yürüdüb və bundan sonrakı dövrdə də CHP-nin toparlanaraq ölkənin problemlərinin həlli üçün güclü siyasi yürüşə başlamasını hədəfləyir. Müşavir əlavə edib ki, Kılıçdaroğlunun əsas prinsipi həmişə təmiz siyasət və cəmiyyətə xidmət olub və bundan sonra da bu mövqedə dəyişiklik olmayacaq.
Aysel Mətləb
tag: Kamal Kılıçdaroğlu,Atakan Sönməz,CHP ,Türkiyə,TodayPress TV,
