İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın bir neçə bölgəsində hərbi əməliyyat keçirdiyini açıqlayıb.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, hücumlar "Hizbullah"ın atəşkəs razılaşmalarını pozmasına cavab olaraq həyata keçirilib.
İMQ-nin bildirdiyinə görə, zərbələr əsasən silah anbarlarına, istehsal obyektlərinə, raket sistemlərinə, buraxılış meydançalarına və hərbi qurğulara endirilib. İsrail tərəfi bu obyektlərin "Hizbullah"ın hərbi imkanlarını bərpa və genişləndirmək məqsədilə istifadə edildiyini bildirib.
İsrail ordusu vurğulayıb ki, "Hizbullah"ın bu fəaliyyətləri İsrail–Livan razılaşmalarının pozulmasıdır və İsrail üçün təhlükə yaradır.
Xatırladaq ki, 2024-cü ilin noyabrında İsrail və "Hizbullah" arasında atəşkəs razılaşması imzalanmışdı. Razılaşmaya əsasən, "Hizbullah" İsrailə qarşı istifadə edilə biləcək hərbi infrastrukturu yenidən qurmamalı və 2025-ci ilin sonuna qədər silahlarını Livan hökumətinə təhvil verməli idi. İsrail bu şərtlərin pozulacağı təqdirdə Livanda yenidən genişmiqyaslı əməliyyat aparacağı barədə xəbərdarlıq edib.
Jalə Rövşən
