İsrail Livan hökumətinin şiə təşkilatı "Hizbullah"ın hərbi qanadını tərksilah etmək səylərini yetərsiz hesab edir, lakin Beyrutun hərəkətlərini “həvəsləndirici başlanğıc” adlandırır.
TodayPress TV "Tass" a istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat verib.
Bəyanatda bildirilir ki, Livan hökuməti və ordusunun göstərdiyi səylər ümidverici olsa da, Hizbullah İran dəstəyi ilə terrorçu infrastrukturunu yenidən qurmağa çalışır. İsrail tərəfi atəşkəs razılaşmasında "Hizbullah"ın tamamilə tərksilah edilməsinin vacibliyini vurğulayır.
Məlumata görə, yanvarın 8-də Livan Silahlı Qüvvələri Litani çayının cənubunda əməliyyat nəzarətini qurduğunu açıqlayıb. Ordunun bəyanatında qeyd olunur ki, 2025-ci il avqustun 5-də təsdiq edilmiş qanunsuz paramilitar qruplardan silahların müsadirəsi planı davam edir və ikinci mərhələyə keçid imkanları qiymətləndirilir.
Yanvarın 7-də isə Ras əl-Naqurada İsrail, Livan, ABŞ, Fransa və BMT sülhməramlılarının iştirakı ilə Livanın cənubundakı atəşkəs monitorinq komitəsinin iclası keçirilib.
Görüşdə qanunsuz paramilitar qrupların, o cümlədən "Hizbullah"ın hərbi qanadının tərksilahının ikinci mərhələsinə keçid müzakirə edilib.
Jalə Rövşən
