İran müharibəni dayandırmaq üçün 10 maddəlik plan təklif etdi

Dünya

07.04.2026 11:16

İran 6 apreldə ABŞ və İsraillə müharibəni başa çatdırmaq məqsədilə 10 maddəlik təklif irəli sürüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Gazete" məlumat yayıb.

Məlumata görə, plan danışıqlarda vasitəçi olan Pakistan vasitəsilə təqdim edilib.

Təklifin bütün detalları açıqlanmasa da, İran rəsmilərinin sözlərinə görə, əsas tələblər arasında ölkəyə qarşı yeni hücumların olmayacağına zəmanət, bütün sanksiyaların ləğvi və İsrailin Livanda "Hizbullah"a qarşı əməliyyatlarının dayandırılması yer alır.

Bunun müqabilində İran Hörmüz boğazında blokadanı aradan qaldırmağı və hər bir gəmidən 2 milyon dollar vergi toplamağı təklif edir. Bu vəsaitin bir hissəsinin Omanla bölüşdürülməsi planlaşdırılır.

Plana əsasən, əldə olunan gəlir İranın müharibə nəticəsində zərər görmüş infrastrukturunun bərpasına yönəldiləcək. İran tərəfi bunu birbaşa kompensasiya tələb etmək əvəzinə alternativ yanaşma kimi təqdim edir.

Rəsmi açıqlamada qeyd olunub ki, təklif atəşkəsdən daha çox müharibənin İranın şərtləri əsasında tam dayandırılmasına yönəlib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,ABŞ,İsrail,Plan,Todaypress.tv,