İran gəmiləri dəniz blokadasını yarıb keçdi

Dünya

15.04.2026 17:33

Blokadaya baxmayaraq, daha bir İran gəmisi Ərəbistan dənizinə daxil olub.

TodayPress TV  "TASS"a istinadən xəbər verir ki, İran bayrağı altında üzən “Kaşan” adlı konteyner gəmisi aprelin 13-də Bəndər-Abbas limanından yola düşüb.

Məlumata görə, İran konteyner gəmisi Hörmüz boğazını keçərək Oman körfəzinə daxil olub və Moskva vaxtı ilə saat 15:30-a olan məlumata əsasən, ABŞ-nin blokadasına baxmayaraq Ərəbistan dənizinə çıxıb.

Gəmi aprelin 13-də Moskva vaxtı ilə təxminən saat 22:00-da Bəndər-Abbas limanından çıxıb. Növbəti gün, Moskva vaxtı ilə təxminən saat 16:00-da Hörmüz boğazından uğurla keçərək Oman körfəzinə daxil olub. Aprelin 15-də Moskva vaxtı ilə saat 15:30-a olan məlumata əsasən, konteyner gəmisi artıq Ərəbistan dənizində olub və Pakistan sahillərindən təxminən 50 km cənub-şərq istiqamətində hərəkət edib.

Digər tərəfdən, İran bayrağı altında Çabahar limanından üzən “Şabdis” adlı yük gəmisi də aprelin 14-də Ərəbistan dənizinə daxil olub. İranın Fars xəbər agentliyinin aprelin 15-də yaydığı məlumata görə, ABŞ sanksiyaları altında olan İranın VLCC tipli (çox böyük xam neft daşıyıcısı) gəmisi Hörmüz boğazını keçərək İslam Respublikasının ərazi sularına daxil olub.

Qeyd edək ki, ABŞ və İran arasında aprelin 11-də aparılan danışıqlardan sonra ABŞ Mərkəzi Komandanlığı aprelin 13-də İrana qarşı dəniz blokadasına başladığını və İslam Respublikasına aid limanlara daxil olan və ya həmin sahillərdən çıxan bütün gəmilərin hərəkətinin qarşısının alınacağını açıqlayıb.

Jalə Rövşən 

TodayPress TV

tag: İran ,Ərəbistan ,ABŞ, Bəndər-Abbas,Todaypress.tv,