İki italiyalının ölümünə səbəb olan hücum Avropanı ayağa qaldırdı
Avropa ölkələri Küveytdə hərbi obyektə endirilən və iki italiyalının ölümünə səbəb olan dron hücumunu pisləyib.
TodayPress TV xəbər verir ki, Avstriya, Belçika, Kipr, Yunanıstan və Böyük Britaniyanın nümayəndələri, yaxud rəsmi qurumları İtaliya və Küveytin İranı həyata keçirməkdə ittiham etdiyi hücumla bağlı bəyanatlar yayıblar.
Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger İranı günahlandırıb və həlak olanların ailələrinə başsağlığı verib:
“Fars körfəzi ölkələrinə qarşı bu hücumları ən sərt şəkildə pisləyirəm”, – deyə Meinl-Reisinger bildirib və əlavə edib ki, husilərin Səudiyyə Ərəbistanına hücumları da “region üçün təhlükə yaradır”.
Belçikanın xarici işlər naziri Maxine Prevot da “İranın dron hücumunu” pisləyərək, Küveytin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu qeyd edib.
Kipr hadisə ilə bağlı xəbərin onları dərindən kədərləndirdiyini bildirib, Yunanıstan isə baş verənləri qətiyyətlə pisləyib.
Həmçinin Böyük Britaniyanın Yaxın Şərq üzrə dövlət naziri Stefen Douty də "iki İtaliya vətəndaşının ölümü və digər şəxslərin yaralanması ilə nəticələnən Küveytə dron hücumunu" pisləyib:
"Bu cür məsuliyyətsiz hücumlar tamamilə qəbuledilməzdir".
Qeyd edək ki, İran hücumu həyata keçirdiyini təkzib edərək, bunun “saxta bayraq” əməliyyatı ola biləcəyini bildirib.
Aysel Mətləb