Husilər Səudiyyə dəstəkli qüvvələri “geri oturtdu” - Müharibənin gedişi dəyişir
Yəməndə husilər Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrə qarşı keçirdikləri əməliyyatın başa çatdığını və 5 400 kvadratkilometr ərazini nəzarətə götürdüklərini açıqlayıblar.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
Husilərin sözçüsü Yəhya Səri bildirib ki, sentyabrın 3-də başlayan əməliyyat çərçivəsində Təiz və Hudeyda əyalətlərində altı rayon ələ keçirilib. Onun sözlərinə görə, döyüşlər zamanı qarşı tərəfin 7 diviziyası və 38 briqadası məğlub edilib, yüzlərlə hərbçi öldürülüb, yaralanıb və əsir götürülüb.
Husilər həmçinin əməliyyat zamanı 9 hava vasitəsinin vurulduğunu iddia ediblər.
Hərəkat Səudiyyə Ərəbistanına məxsus gəmilərə qarşı dəniz blokadasını davam etdirəcəyini açıqlayıb. Bildirilib ki, digər kommersiya gəmiləri hədəf olmayacaq. Husilər “mühasirəyə mühasirə” prinsipi ilə hərəkət edəcəklərini və Yəmənə endirilən zərbələr dayandırılana, eləcə də ölkəyə tətbiq olunan blokada aradan qaldırılana qədər eskalasiyanı davam etdirəcəklərini bildiriblər.
“Euronews”un məlumatına görə, husilər Qırmızı dənizdəki Haniş adalarında hökumət qüvvələrini mühasirəyə alıblar. Bundan əvvəl isə arxipelaqın üç əsas adasından ən böyüyü olan Züqər adasının ələ keçirildiyi barədə məlumat yayılmışdı.
Haniş adaları Qırmızı dənizin cənub hissəsində, Babül-Məndəb boğazının yaxınlığında, Yəmən və Eritreya sahilləri arasında yerləşir. Arxipelaqın əsas adaları Züqər, Böyük Haniş və Kiçik Hanişdir. Adaların böyük hissəsi Yəmənin ərazisinə daxildir.
Kübra Musayeva