Hörmüzdə baş verənlər bazarı sarsıtdı: QİYMƏTLƏR YENİDƏN ALOVLANIR...
Dünya
21.04.2026 11:34
Benzin və dizel qiymətlərinin yenidən artacağına dair gözləntiləri güclənib.
TodayPress TV xəbər verir ki, bu barədə "EURO NEWS" məlumat yayıb.
Nəşr yazıb ki, Avropada daha ucuz yanacaq ümidləri, Hörmüz boğazında baş verən və qısa müddət ərzində dönüş nöqtəsi kimi qiymətləndirilən hadisələrin davamlı olmaması səbəbindən puça çıxıb. Həftəsonu baş verən hadisələrdən sonra xam neftin qiyməti yenidən yüksəlib, bu isə benzin və dizel qiymətlərinin də artmasına səbəb olub.
Qeyd edilib ki, bazarlar bu strateji dəniz ticarət yolunun yenidən açılacağına dair xəbərləri müsbət qarşılamışdı. Lakin həftəsonu baş verən hadisələr vəziyyəti dəyişdirərək qiymətlərin yenidən artmasına gətirib çıxardı.
Hazırda ABŞ-nin etalon xam neftinin qiyməti ötən cümə gününün minimum səviyyəsi ilə müqayisədə 10% artaraq bir barel üçün təxminən 87 dollara çatıb. Beynəlxalq etalon sayılan "Brent" markalı neft isə 9,5% yüksələrək təxminən 94,3 dollar səviyyəsinə qalxıb.
Avropa Komissiyasının son həftəlik neft qiymətləri bülleteninə görə, bu hadisələrdən əvvəl AB ölkələrində "Euro-super 95" markalı benzinin orta litr qiyməti 2,027 avro təşkil edirdi. Dizelin orta litr qiyməti isə 2,099 avro səviyyəsində olub.
Hər iki göstərici əvvəlki həftə ilə müqayisədə cüzi azalma nümayiş etdirsə də, şənbə günü Hörmüz boğazında bir neçə gəmiyə hücum edilməsi və təhlükəsiz keçidin mümkün olmaması səbəbindən onlarla gəminin marşrutunu dəyişməsi qiymətlərin yenidən artacağı gözləntilərini gücləndirib.
Qeyd edək ki, oxşar narahatlıqlar Böyük Britaniyada da səsləndirilir.
Avtomobil Assosiasiyasının prezidenti Edmund King vəziyyəti belə şərh edib:
“Bu münaqişə başlayandan bəri ilk dəfə ötən həftənin sonunda yanacaq qiymətlərində kiçik azalma müşahidə etdik. Lakin bu, müvəqqəti təsir bağışlayır. Qlobal qeyri-müəyyənlik qiymətlərin enməsinin qarşısını ala bilər. Əgər proses uzanarsa, qiymətlər yenidən artacaq.”
Eyni zamanda, davam edən fasilələr aviasiya yanacağı təchizatı ilə bağlı ciddi narahatlıqlar yaradır.
Xatırladaq ki, ötən həftə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirmişdi ki, Avropada təxminən altı həftəlik aviasiya yanacağı ehtiyatı qalıb.
Jalə Rövşən
tag: Benzin ,Hörmüz ,iran ,Neft ,Dizel ,Todaypress.tv,
