Havada nəfəs alan balıq tutuldu
Dünya
13.01.2026 19:45
Braziliyanın San-Paulu ştatında 53 yaşlı balıqçı hava ilə nəfəs ala bilən nəhəng balıq tutub.
TodayPress TV xəbər verir ki, bu barədə “Diario do Litoral” nəşri məlumat yayıb.
Məlumata görə, balıqçı Marineyru çayında yerli növə aid olmayan arapaima balığını ovlayıb. Təxminən 2,5 metr uzunluğunda və 160 kiloqram çəkidə olan bu balığın tutulması mütəxəssisləri narahat edib. Onların fikrincə, arapaima sürətlə çoxalaraq çaydakı yerli balıq növləri üçün təhlükə yarada bilər.
Arapaimalar dünyanın ən böyük şirin su balıqlarından sayılır. Bu balıqların uzunluğu 3 metrə, çəkisi isə 200 kiloqrama qədər çata bilir.
Mütəxəssislər bildirirlər ki, arapaimaların əsas üstünlüyü hava ilə nəfəs alma qabiliyyətidir. Bu xüsusiyyət onlara oksigenin az olduğu sularda belə yaşamağa imkan verir. Yeni ekosistemlərə düşdükdə isə arapaimalar sürətlə çoxalır və digər balıqları ovlayaraq ekoloji tarazlığı poza bilirlər.
Türkan İsgəndərli
tag: Balıq,Hava ,Nəfəs,Arapaima,Todaypress.tv,
