Fransaya kiberhücumun arxasında kim var? - Tehran İsraili ittiham etdi
İran Fransada supermarketlərin soyuducu avadanlıqlarına qarşı həyata keçirilən kiberhücumda İsraili ittiham edib. Paris daha əvvəl bu hücumda İranı günahlandırmışdı.
TodayPress TV xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi texniki qrupun təhlilinə istinadən məlumat yayıb.
“Bu soyuduculara və soyuducu anbarlara qarşı kiberhücum hadisəsini xüsusi olaraq araşdıran texniki qrup mühüm məlumatlar paylaşıb. Bu məlumatlar hadisənin arxasında, ehtimal ki, İsrailin dayandığını və onun eyni zamanda media kampaniyası vasitəsilə diqqəti İranın üzərinə yönəltməyə çalışdığını göstərir”, – deyə agentliyin materialında bildirilib.
Xatırladaq ki, noyabrın 9-da Fransa İranı oktyabr ayında supermarketlərin soyuducu avadanlıqlarına qarşı genişmiqyaslı kiberhücum həyata keçirməkdə ittiham edib və hücumu İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qrupa aid edib. İran Xarici İşlər Nazirliyi bu ittihamları rədd edib.
Aysel Mətləb