Ermənistanda hakim fraksiyada gərginlik: Köçəryanı “arxivə göndərirlər”
Dünya
04.11.2025 11:42
Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları Andranik Koçaryan və Hayk Sarkisyan arasında növbəti insident baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, qalmaqal Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının qapalı iclasında yaşanıb.
Komissiyanın sədri Andranik Köçəryan 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Ayka Sarkisyanan notbukdan istifadəni dayandırmağı tələb edib. O əlavə edib ki, iclas zalında səs və ya video yazan cihazların istifadəsi qadağandır. Deputat tələbi yerinə yetirməkdən imtina etdikdə, tərəflər arasında mübahisə yaranıb və iclas Sarkisyan zalı tərk edənədək dayandırılıb.
Mənbələrin məlumatına görə, Köçəryan və Sarkisyan arasındakı ziddiyyət uzunmüddətlidir. Bildirilib ki, Sarkisyan dəfələrlə Köçəryandan şikayətlərlə Baş nazir Nikol Paşinyana müraciət edib. Öz növbəsində, Köçəryan həmkarına qarşı açıq narazılıq və sərt ifadələr işlətməsi ilə tanınır.
“Joxovurd” yazır ki, gərgin münasibətlər təkcə bu iki deputat arasında deyil. Andranik Köçəryanın parlament sədri Alen Simonyanla da münasibətləri pisləşib. 27 oktyabr anım tədbiri zamanı deputat Simonyanı görməməzlikdən gəlib.
Qəzetin məlumatına görə, tərəflər arasındakı ziddiyyətin səbəbi Simonyanın 44 günlük müharibənin səbəblərini araşdıran parlament komissiyasının hesabatını plenar iclasa çıxarmamaq və sənədi arxivə göndərmək qərarı olub.
İddiaya görə, Köçaryan yaxın çevrəsində bəyan edib ki, hesabatı növbəti çağırış parlamentdə təqdim edəcək. Simonyanın tərəfdarları isə bildirirlər ki, “yeni parlamentdə nə hesabat, nə də Köçəryan üçün yer olacaq. Onu da hesabatla birlikdə arxivə göndərəcəklər".
Aysel Mətləb
tag: Ermənistan ,Andranik Koçaryan,Hayk Sarkisyan,Gərginlik,Todaypress.tv,
        