Ermənistanda daha bir siyasi qüvvə Samvel Karapetyanın blokuna qoşuldu
Dünya
21.04.2026 17:44
Ermənistan təhlükəsizlik, siyasi və dəyərlər sistemi sahələrində ciddi çətinliklərlə üzləşir.
TodayPressTV xəbər verir ki, bu barədə "Aprelu Yerkir" partiyasının bəyanatında qeyd olunur.
Belə ki, müxalif "Aprelu Yerkir" partiyası "Güclü Ermənistan" partiyalar bloku ilə əməkdaşlıq memorandumu imzalayıb.
Bəyanatda vurğulanır ki, Ermənistan hazırda milli konsolidasiya, məsuliyyət və aydın siyasi iradə tələb edən ciddi problemlərlə üz-üzədir.
Sənəddə deyilir: “Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Aprelu Yerkir" partiyası ilə ‘Güclü Ermənistan’ bloku arasında memorandum imzalanıb. Memoranduma əsasən, tərəflər qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün vahid siyasi platforma yaratmaq məqsədilə siyasi, təşkilati və insan resurslarını birləşdirəcəklər.”
Həmçinin qeyd olunur ki, “Aprelu Yerkir” partiyası ölkədə baş verən dəyişikliklərə görə öz məsuliyyətini üzərinə götürür.
Xatırladaq ki, martın 31-də “Güclü Ermənistan” partiyası 7 iyunda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün “Yeni Dövr” və “Birləşmiş Ermənilər” partiyaları ilə birlikdə blok yaratdığını elan edib. Blok ilkin olaraq “Samvel Karapetyanla Güclü Ermənistan” adlandırılıb.
Lakin aprelin 7-də Ermənistan parlamenti hakimiyyət tərəfindən irəli sürülən və partiya və blok adlarında şəxsi adların istifadəsini qadağan edən Seçki Məcəlləsinə dəyişiklikləri qəbul edib.
Jalə Rövşən
tag: Samvel Karapetyan , "Güclü Ermənistan", "Aprelu Yerkir" ,Ermənistan ,Todaypress.tv,
