Elmə məlum olmayan bayquş növü aşkarlandı

Elmə məlum olmayan bayquş növü aşkarlandı
11.09.2026 03:45 Dünya

Peruda elmə məlum olmayan yeni bayquş növü aşkarlanıb.

TodayPress TV xəbər verir ki, yeni növ soyuq yüksək dağ çəmənliklərində və yalnız Perunun Vankabamba çökəkliyində yerləşən bulud meşələrində yaşayır. Alimlər quşa Bubo jalca adını veriblər.

Araşdırmaya görə, yeni növ görünüşü və bədən ölçülərinə görə ona ən yaxın növlərdən biri olan Bubo nigrescens-dən demək olar ki, fərqlənmir. Əsas fərqləndirici xüsusiyyətlərdən biri isə səsidir. Tədqiqatçılar Bubo jalcanın özünəməxsus çağırışının həm eşidilmə, həm də xüsusi analizlər vasitəsilə digər növlərdən ayırd edilə bildiyini bildiriblər.

Ornitoloqlar yeni növün olduqca nadir olduğunu qeyd ediblər. Hətta indiyədək bu quşun heç bir fotoşəklinin əldə edilməməsi onun nadirliyinə dair əlavə göstərici kimi qiymətləndirilir.

Alimlərin sözlərinə görə, Bubo jalca məhdud yaşayış arealına görə ciddi mühafizə problemləri ilə üzləşir. Ərazidə şam plantasiyalarının genişləndirilməsi və meşələrin qırılması yeni növ üçün əsas təhlükələr sırasında göstərilir.

Tədqiqatçılar həmçinin dünyada köçəri quşların vəziyyətinin pisləşdiyini bildiriblər. Onların apardığı təhlilə əsasən, 3 380-dən çox köçəri quş növünün yarıdan çoxunun sayı azalma tendensiyası nümayiş etdirir. Bunun əsas səbəbləri arasında təbii yaşayış mühitlərinin itirilməsi, ovçuluq, qanunsuz ticarət, zəhərli pestisidlər və digər insan fəaliyyəti ilə bağlı təhlükələr yer alır.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər