Dünyanın ən yaşlı kişisi vəfat etdi
Dünya
09.01.2026 00:44
Özünü dünyanın ən yaşlı kişisi hesab edən 121 yaşlı Yan Steenberq Cənubi Afrikanın Kolçester şəhərində vəfat edib.
TodayPress TV bildirir ki, yerli sakinlər arasında “Yan əmi” kimi tanınan Steenberq 1 yanvarda ad gününü qeyd etdikdən bir neçə saat sonra astma tutması nəticəsində dünyasını dəyişib.
O, 31 dekabr 1904-cü ildə doğulduğunu iddia edirdi. Bu fakt təsdiqlənərsə, rəsmi olaraq planetin ən yaşlı kişisi ola bilərdi. Lakin Ginnesin Rekordlar Kitabı onun yaşını hələ tanımayıb və hazırda bu titul braziliyalı Jo Marinyo Netoya məxsusdur.
Həyatı boyunca balıqçı, qəbirqazan və qolf meydançasında təmirçi kimi çalışan Yan Steenberq uzunömürlülüyünü Allaha inamı və ənənəvi bitki dəmləməsi ilə əlaqələndirirdi. O, təvazökarlığı, enerjisi, rəqs sevgisi və klassik geyim tərzi ilə seçilirdi.
Mərhum ailəsinin əhatəsində dünyasını dəyişib. İki qızı, iki nəvəsi, iki nəticəsi və beş ev heyvanı qalıb
tag: Yan Steenberq, Afrika, Kişi,Ölüm, yaşlı, todaypress.tv,
