Brüsseldə heç nə baş vermədi? - Aİ-nin trilyonluq büdcə sammiti DAĞILDI
Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən sammitdə yeddiillik büdcənin formalaşdırılması ilə bağlı ziddiyyətləri aradan qaldırmağa uğursuz cəhd ediblər, danışıqlar “gərgin atmosferdə” keçib.
TodayPress TV xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş məlumat verib.
“Heç nə baş vermədi. Bəzi dövlətlər kifayət qədər yüksək səslə heç bir nəticəyə gəlinmədiyini bəyan etdilər”, – deyə Babiş bildirib.
O dəqiqləşdirib ki, söhbət sammitin sonunda, Avropa Şurasının sədri Antonio Koştanın Aİ büdcəsinin layihəsində xərclərin azaldılmasını tələb edən ayrı-ayrı ölkələrin mövqelərini müzakirə etdiyi vəziyyətdən gedir.
Daha əvvəl Çexiyanın Baş naziri Avropa İttifaqının uzunmüddətli büdcə layihəsinin Çexiya üçün qəbuledilməz olduğunu bildirmişdi. Baş nazirin sözlərinə görə, keçirilən sammit çərçivəsində Aİ-yə üzv dövlətlər Ukrayna ilə bağlı konkret danışıqlar aparmayıblar. Onun sözlərinə görə, yalnız ayrı-ayrı ölkələrin nümayəndələri bu mövzuda çıxış ediblər.
Qeyd edək ki, Aİ liderləri Brüsseldə keçirilən sammitin ikinci gününü ləğv ediblər. Avropalı diplomatik mənbənin sözlərinə görə, “müzakirə praktiki nəticə olmadan başa çatıb” və müzakirələr dekabr ayına təxirə salınıb.
Aysel Mətləb