Prezidentin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır.
TodayPress TV xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmək vacibdir.
Müasir texnologiyalar sosial şəbəkələrdə hesab yaradaraq istənilən videonu yükləməyə, görüntüləri montaj etməyə və səsi dəyişdirməyə imkan verir. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək, söyləmədiyi fikirləri onun adından səsləndirmək də mümkündür. Buna görə videoda dövlət başçısının görüntüsünün olması həmin materialın həqiqiliyini və onu paylaşan hesabın rəsmi olduğunu təsdiqləmir.
TodayPress TV oxucuların diqqətinə Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını təqdim edir:
X (Twitter): twitter.com/azpresident
Instagram: instagram.com/presidentaz
Facebook: facebook.com/PresidentIlhamAliyev
YouTube: www.youtube.com/@presidentaz
Bu hesabların hamısına keçid Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində – president.az saytında yerləşdirilib.
Prezidentin adından istifadə edən, onun foto və videolarını paylaşan hər bir səhifə rəsmi hesab deyil. Səhifənin adı və izləyici sayı da məlumatın etibarlılığını təsdiqləmir.
Oxucuları Prezident İlham Əliyevin fəaliyyəti barədə məlumatları president.az saytından və orada keçidləri göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq. Digər hesablarda yayılan materialları paylaşmazdan əvvəl onların doğruluğunu rəsmi mənbələrlə yoxlamaq vacibdir.