BMT-dən dünya üçün "aclıq" xəbərdarlığı: Hörmüz boğazı təcili açılmalıdır
Dünya
27.04.2026 20:50
BMT-nin Baş katibi Antonio Quterreş Hörmüz boğazındakı fasilələrin qlobal qida böhranını tətikləmə riski daşıdığını bildirərək, boğazın açılması və qlobal iqtisadiyyatın nəfəs almasına şərait yaradılması ilə bağlı çağırış edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması" gündəliyi çərçivəsində keçirilən "Dəniz su yollarının təhlükəsizliyi və mühafizəsi" mövzusundakı iclasında çıxış edib.
Baş katib qlobal ticarətin arteriyalarını təşkil edən dəniz yollarının ciddi təzyiq altında olduğunu vurğulayıb:
“Geosiyasi gərginliklər dənizlərə sıçrayır, ticarət gəmiləri təzyiq vasitəsi kimi istifadə olunur, dəniz hüququnun fundamental prinsipləri çərçivəsində naviqasiya hüquqları və azadlıqları sarsıdılır”.
Mart ayının əvvəlindən bəri Hörmüz boğazından keçən gəmi hərəkətindəki fasilələrin qlobal enerji təhlükəsizliyinə, qida tədarükünə və ticarətə mənfi təsir göstərdiyini vurğulayan Quterreş, bunun “COVID-19” pandemiyası və Ukrayna müharibəsindən bəri yaşanan ən ağır tədarük zənciri böhranı olduğuna işarə edib.
“Uzunmüddətli fasilələr qlobal qida böhranını tətikləmək riski daşıyır. Xüsusilə Afrika və Cənubi Asiyada milyonlarla insanı aclıq və yoxsulluğa sürükləyir”, - deyə o əlavə edib.
Aysel Mətləb
tag: BMT,Quttereş,Hörmüz,Xəbərdarlıq,TodayPress TV,
