Başına bombalar yağmasına baxmayaraq, İran Ermənistana göz dikdi: Burdan çıxamayacağıq
İranlı ekspert Ehsan Movahedian Cənubi Qafqazın Tehran üçün strateji əhəmiyyət daşıdığını və ölkəsinin regiondakı maraqlarını qorumaqda qətiyyətli olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, Ehsan Movahedian bu fikirləri Ermənistanın Qafan şəhərinə səfəri ilə bağlı paylaşımında səsləndirib.
O bildirib ki, ABŞ-nin İrana hücumlarının davam etdiyi və bölgədə müharibə şəraitinin hökm sürdüyü bir vaxtda özü və bir qrup iranlı ekspertin Ermənistanın Qafan şəhərində olması Tehranın Cənubi Qafqaza verdiyi əhəmiyyətin göstəricisidir.
Movahedianın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun siyasəti İranı iflic edə bilməyib və edə də bilməyəcək.
O vurğulayıb ki, İran öz milli maraqlarını qorumaq üçün Ermənistanın Sünik vilayəti üzərində suverenliyini dəstəkləməyə, İran-Ermənistan sərhədini qorumağa, həmçinin "Tramp dəhlizi" və "qondarma Zəngəzur dəhlizi" layihələrindən irəli gələn çağırışlara qarşı çıxmağa tam hazırdır.
"İran heç bir halda Cənubi Qafqazı tərk etməyəcək", – deyə ekspert bildirib.
Movahedian əlavə edib ki, Qafanda keçirilən görüşlərdə İran və Ermənistan ekspertləri iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və fikir ayrılıqlarının minimuma endirilməsi ilə bağlı təkliflər irəli sürüblər.
Onun sözlərinə görə, çıxışında son iki müharibədən sonra İranın hərbi və təhlükəsizlik doktrinasında baş verən dəyişikliklərdən, bunun Cənubi Qafqaza mümkün təsirlərindən və regionla bağlı siyasət tövsiyələrindən bəhs edib.
Səfər çərçivəsində yerli jurnalistlər və Qafan sakinləri ilə də görüş keçirildiyini bildirən Movahedian qeyd edib ki, söhbətlər zamanı əsas müzakirə mövzuları "Tramp dəhlizi", Türkiyə və Azərbaycanın planları, İran-Ermənistan münasibətlərində iqtisadi, ticarət və mədəni potensialın yetərincə istifadə olunmaması, eləcə də İranın Ermənistandakı fəaliyyətinə dair məsələlər olub.
Qeyd edək ki, İranın danışan dili olan Movahedian Azərbaycanın düşmənlərindən biri hesab edilir. Bu səfər İranın müharibədən dərhal sonra Cənubi Qafqazda fəallaşacağına işarədir.
Qiymət Mahir