Amerika bütün silahları İrana atdı, anbarlar 10 ilə dolar

Dünya

24.04.2026 11:06

38 gün davam edən İran müharibəsi yalnız hərbi deyil, həm də ciddi maliyyə nəticələri ilə diqqət çəkir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, döyüşlər zamanı ABŞ böyük həcmdə yüksək texnologiyalı sursat ehtiyatlarını istifadə edib.

TodayPress TV   xəbər verir ki, bu barədə  "The New York Times" mənbələrə  əsasən məlumat verib.

Qeyd edilib ki, münaqişə ərzində təxminən 1100 ədəd JASSM-ER tipli gizli qanadlı raket sərf olunub. 

Bu raketlər əsasən uzun mənzilli və strateji hədəflər üçün nəzərdə tutulur. Hazırda isə qlobal inventarda bu tip raketlərin sayının təxminən 1500-ə düşdüyü bildirilir.

Bundan əlavə, hər biri təxminən 3,6 milyon dollar dəyərində olan 1000-dən çox “Tomahawk” raketindən istifadə edildiyi qeyd olunur. Müharibədən əvvəl ABŞ bu raketlərdən ildə təxminən 100 ədəd istehsal edirdi. Ekspertlərin fikrincə, mövcud istehsal tempi ilə bu ehtiyatların tam bərpası illər çəkə bilər.

Hava hücumundan müdafiə sahəsində də ciddi xərclər qeydə alınıb. Belə ki, hər biri təxminən 4 milyon dollar dəyərində olan 1200-dən çox “Patriot” tutucu raketi istifadə edilib. Bu sistemlərin illik istehsal gücü isə təxminən 600 ədəd səviyyəsində qiymətləndirilir.

Ümumi hesablamalara görə, müharibənin birbaşa sursat xərcləri 25–35 milyard dollar arasında dəyişir. Bu isə gündəlik orta hesabla təxminən 1 milyard dollar deməkdir. Qeyd olunur ki, yalnız ilk 48 saat ərzində istifadə edilən sursatın dəyəri 5,6 milyard dollar təşkil edib.

Analitiklər bildirirlər ki, bu rəqəmlər müasir müharibələrin təkcə döyüş meydanında deyil, həm də iqtisadi baxımdan nə qədər ağır yük yaratdığını açıq şəkildə göstərir.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ ,Silah ,JASSM-ER, “Tomahawk”,Todaypress.tv,